CƏMİYYƏT
Yanğın təhlükəsizliyi məsələləri Nəsimi rayonunda diqqət mərkəzində saxlanılır
Bakı, 14 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi cari payız-qış mövsümünə hazırlıq çərçivəsində noyabrın 14-də Nəsimi Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin, qaz və elektrik enerjisi təchizatı üzrə qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yavər Allahverdiyev yanğın təhlükəsizliyi sahəsində mövcud problemlərin aradan qaldırılması ilə bağlı rayonun aidiyyəti xidmətlərinə zəruri tapşırıqların verildiyini vurğulayıb. O, FHN-in qurumları ilə birgə fəaliyyətin böyük əhəmiyyət daşıdığını bildirib.
Bakı Regional Mərkəzinin nümayəndəsi ötən il və cari ilin on ayı ərzində paytaxtda baş vermiş yanğınların müqayisəli statistikasını diqqətə çatdırıb.
Dövlət Yanğın Nəzarəti Xidmətinin və Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq, “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxışlar etmiş, yanğınların başvermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər barədə danışıblar.
Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.
Rayonun Enerji Təchizatı və Satışı İdarəsinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.