CƏMİYYƏT
Əsən külək nəticəsində yanğın qismən meşə ərazisinə keçib [YENİLƏNİB]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xızı rayonunun Dizəvər yaylağında baş vermiş yanğın küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edərək qismən meşə fondu torpaqlarına keçib və kol-kos yanğına məruz qalıb. Yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə ETSN-in və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ciddi tədbirlər görür.
ETSN-in Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
X X X
15:15
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və alovun meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün ETSN-in yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində aparılan operativ işlər davam etdirilir.