İQTİSADİYYAT
Yanvar-aprel aylarında 12,6 milyard manatlıq sənaye məhsulu istehsal olunub
Bakı, 26 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında ölkə sənayesində 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 23,8 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda qida məhsullarının istehsalı 3,7 faiz, içkilər 39,4 faiz, toxuculuq sənayesi məhsulları 2,2 dəfə, geyim 73,6 faiz, ağacın emalı və ağacdan məmulatlar 88,6 faiz, kimya sənayesi məhsulları 11,7 faiz, əczaçılıq məhsulları 2,3 dəfə, rezin və plastik kütlə məmulatları 60,6 faiz, tikinti materialları 44,7 faiz, metallurgiya sənayesi məhsulları 2,4 faiz, kompüter və elektron məhsullar 2,1 dəfə, elektrik avadanlıqları 2,4 dəfə, sair nəqliyyat vasitələri 32,5 faiz, mebel istehsalı isə 47,9 faiz artıb.
Bu dövrdə tütün məmulatlarının istehsalı 49,0 faiz, dəri və dəri məmulatları, ayaqqabılar 60,4 faiz, kağız və karton 2,8 faiz, poliqrafiya məhsulları 60,7 faiz, hazır metal məmulatları 29,5 faiz, maşın və avadanlıqların istehsalı 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9 faiz azalıb.
Bundan başqa, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2 faiz azalıb.