REGİONLAR
Yanvar-aprel aylarında 3,9 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib
Bakı, 22 may, AZƏRTAC
İstehlak bazarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılır. Bu ilin yanvar-aprel aylarında 3,9 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev mayın 22-də Zaqatalada “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda keçirilmiş konfransda bu barədə məlumat verib.
Dövlət Xidmətinin rəis müavini istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən maarifləndirmə tədbirləri barədə danışıb, Xidmətin təşkilatçılığı, aidiyyəti qurumların, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların istehlakçı fəallığının artırılmasında əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, 2014-cü ildə və bu ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 130 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanılıb.
Konfransda istehlakçı hüquqlarının qorunması barədə məruzələr dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də görülən işlərdən danışılıb.
Tədbir iştirakçılarına məlumat verilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, nazirliyin internet saytı və facebook səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.
Konfransın sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.