İQTİSADİYYAT
Yanvar ayında sərnişinlərin icbari fərdi qəza sığortası 9,8 min manat təşkil edib
Bakı, 28 fevral, AZƏRTAC
2015-ci ilin yanvar ayında sığorta növləri arasında ən ciddi artım sərnişinlərin icbari fərdi qəza sığortasında qeydə alınıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, bu növ sığortadan toplanan sığorta haqqı 9,4 dəfə artaraq 9,8 min manat təşkil edib. Bundan başqa, işçilərin dələduzluq sığortasında yığım 6,3 dəfə artaraq 219,1 min manat, daşınmaz əmlakın icbari sığortası üzrə yığım isə 6 dəfə artaraq 4,1 milyon manat olub.
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 89,4 faiz artaraq 1,6 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 55,4 faiz artaraq 12,6 min manat, fərdi qəza və yaxud xəstəlik sığortasında 31,6 faiz artaraq 1,2 milyon manat, xaricə səfər edən vətəndaşların sığortasında 12,7 faiz artaraq 118,4 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2,2 dəfə artaraq 4,1 milyon manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortada 92,1 faiz artaraq 2,5 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 42,9 faiz artaraq 49,4 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında isə 33,5 faiz artaraq 5,1 milyon manat təşkil edib.
Ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə işin dayanması ilə bağlı risklərdən sığortada qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 100 faiz azalıb. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 82,7 faiz azalaraq 2,9 min manat, həyatın yaşam sığortasında isə 63,3 faiz azalaraq 4,1 milyon manat olub.
Sığorta haqlarının məbləği tibbi sığortada 3,4 faiz azalaraq 26,7 milyon manat, kasko sığortasında 7,6 faiz azalaraq 3,1 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 26,7 faiz azalaraq 111,1 min manat təşkil edib.