QAN YADDAŞI
Yanvar faciəsi xalqımızı sıx birləşdirdi
Bakı, 21 yanvar, Əziz Məmmədov, AZƏRTAC
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc sakinlər – qocalar, qadınlar, uşaqlar, gənclər xüsusi amansızlıqla qətlə yetirildi. Ancaq bu faciə xalqımızın mübarizə əzmini qıra bilmədi. Şübhəsiz ki, 20 Yanvar tariximizdə ən qanlı səhifələrdən biridir. Bununla belə, hamımız, ölkəmiz üçün olduqca əlamətdar gündür. Faciə xalqımızı sıx birləşdirdi, nəticədə müstəqil hüquqi dövlət yarada bildik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində paytaxt sakini Beydulla Abdullayev söyləyib.
Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini anmaq üçün Şəhidlər xiyabanına gələn B.Abduyllayev deyib: “Xalqımız şəhidlərimizə görə kədərlənməklə bərabər, qürur hissi də keçirməlidir, çünki Vətəni, Ana Yurdu ucaldan şəhidlərdir. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıqlanıb. Xalqımız müstəqillik uğrunda qəhrəmancasına həlak olmuş şəhidləri heç vaxt unutmayacaq”.