CƏMİYYƏT
Yanvar-iyul aylarında 15 min 500-dək imtiyazlı şəxs protez-ortopedik xidmətlərlə təmin edilib
Bakı, 22 avqust, AZƏRTAC
Yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin müalicəsi və protez-ortopedik bərpa xidmətlərlə təminatı istiqamətində həyata keçirilən tədbirlər 15 min 498 nəfəri əhatə edib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyul aylarında bərpa mərkəzlərində əlilliyi olan 4 min 650 nəfərə bərpa-müalicə xidmətləri göstərilib. Bu təbəqədən olan vətəndaşların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 8 min 400-dək şəxs müvafiq xidmətlərlə təmin olunub. Onlara ümumilikdə 20 min 501 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1034 ədəd əlil arabası verilib.
Bu dövrdə əlilliyi olan 70 şəxs, valideynlərindən biri ilə bərabər sağlamlıq imkanları məhdud 58 uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Əlilliyi olan insanların, habelə şəhid ailəsi üzvlərinin müalicələrinin təşkili işlərinin davamı olaraq, belə şəxslərdən 2 min 320 nəfərə sanator-kurort yollayışı verilib.