İQTİSADİYYAT


Yanvar-iyun aylarında “Şahdəniz” yatağından 5,4 milyard kubmetr qaz hasil edilib

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Cari ilin birinci yarısında “Şahdəniz” yatağından 5,4 milyard standart kubmetr təbii qaz və 1,3 milyon ton (təqribən 10 milyon barrel) kondensat hasil olunub.

Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir.

İlin birinci yarısında “Şahdəniz Mərhələ 1” üçün dörd qaz hasilatı quyusunun (“SDA09”, “SDA10”, “SDA11” və “SDA12”) üst seksiyaları qazılıb. Hazırda “SDA09” quyusunda qazma əməliyyatları davam edir.

Hesabat dövründə İstiqlal qazma qurğusu iyun ayında sertifikasiya və irihəcmli yenidənqurma işlərini bitirdikdən sonra tərsanədən “Şahdəniz”in şimal cinahına yaxın dayazsulu əraziyə gətirilib. Burada yatağın şimal cinahında quyu tamamlama əməliyyatlarına başlamaq üçün qurğunun üzərində istismara vermə və hazırlıq işləri aparılır. Heydər Əliyev qazma qurğusu “SDG02” və “SDG04” quyularının 10 düymlük kəmər quyruğunadək olan seksiyalarını və həmçinin “SDG03” quyusunu son dərinliyinə qədər qazıb. Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına və ondan sonrakı tədricən artırılmasına hazırlıq çərçivəsində 10 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə çatmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

“Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə), BTC şirkəti və Türkiyə (“Botaş” şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirir. Yanvar-iyun aylarında “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 225 milyon dollar əməliyyat və 1,87 milyard dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz) və TPAO (19 faiz).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.