İQTİSADİYYAT
Yanvar-mart aylarında ARDNF Bakı-Tbilisi-Qarsın maliyyələşməsinə 1,3 milyon manat ayırıb
Bakı, 18 aprel, Elvin Camalov, AZƏRTAC
Yanvar-mart aylarında ARDNF Bakı-Tbilisi-Qars dəmir yolunun maliyyələşməsinə 1,3 milyon manat vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-də keçirilən mətbuat konfransında fondun icraçı direktoru, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 1525,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat vəsait ayrılıb.
Ş.Mövsümov qeyd edib ki, 2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə 2279,0 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 milyon manat təşkil edib.
Ş.Mövsümovun sözlərinə görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 873,9 milyon manat təşkil edib.