CƏMİYYƏT
Yanvar-may aylarında “İş yerinə dair arayış” elektron xidmətinə 111,5 mindən çox müraciət qeydə alınıb
Bakı, 12 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən ay əvvəlki aprel ayı ilə müqayisədə 6 faiz çox olmaqla 24 min 482 dəfə müraciət olunub.
Nazirliylin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin elektron arayış sistemində mühüm yer tutan bu e-xidmət kağız arayışların elektron arayışlarla əvəzlənməsində əhəmiyyətli rol oynayıb. Mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “İş yerinə dair arayışın verilməsi” elektron xidmətini seçən istifadəçi prosedurlara uyğun məlumatları tam doldurduqda elektron informasiya-sistem tərəfindən onun sorğusu qəbul olunur. Bundan sonra o, iş yerinə dair arayışı bu sistemdən real vaxt rejimində əldə edə bilir. İş yerinə dair arayışı aidiyyəti quruma elektron şəkildə göndərmək, həmçinin çap edərək kağız şəklində təqdim etmək mümkündür. Arayışı qəbul edən təşkilat isə orada əksini tapan məlumatların düzgünlüyünü, fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlamaq imkanına malikdir.
“İş yerinə dair arayış” e-xidmətinə cari ilin yanvar-may aylarında 111,5 mindən çox, istifadəyə verildiyi 2014-cü ilin sonlarından cari il iyunun 1-dək isə 564 392 dəfə müraciət olunub.