İQTİSADİYYAT
Yanvar-may aylarında sənayenin qeyri-neft sektorunda istehsalın həcmi 3,4 faiz artmışdır
Bakı, 13 iyun (AZƏRTAC). Cari ilin yanvar-may aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri 14,1 milyard manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sənaye məhsulunda 73,3 faiz paya malik mədənçıxarma bölməsində 17,7 milyon ton neft, 7,6 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil olunmuşdur. Emal bölməsində isə istehsalın həcmi sənayenin ümumi məhsulunun 20,5 faizini təşkil etmişdir.
Bu müddətdə qida, geyim, ağac emalı və ağac məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, nəqliyyat vasitələrinin istehsalında daha çox artım qeydə alınmışdır. İstehsal edilmiş sənaye məhsulunun 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi ötən ilin yanvar-may aylarına nisbətən 3,4 faiz artmış, neft-qaz sektorunda isə 3 faiz azalmışdır. Ümumi sənaye istehsalının 93,4 faizi malların (əmtəələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 79,7 faizi özəl bölmədə istehsal olunmuşdur.