İQTİSADİYYAT
Yanvar-oktyabr aylarında 25 sığortaçı tərəfindən 420 milyon manat həcmində sığorta haqqı toplanıb
Bakı, 21 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 420 milyon manat həcmində sığorta haqqı toplanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 milyon manat və ya 11 faiz çoxdur. Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 191 milyon manat təşkil edib ki, bu da ötən ilə nisbətən 36 faiz çoxdur.
Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin 10 ayı ərzində könüllü sığorta növləri üzrə haqlar 15 faiz, ödənişlər isə 38 faiz artıb. İcbari sığorta növləri üzrə haqlar 4 faiz, ödənişlər isə 30 faiz artaraq müvafiq olaraq 148 və 47 milyon manat təşkil edib.
Sığorta şirkətləri və sığorta sinifləri üzrə 2016-cı ilin yanvar-oktyabr ayları ərzində hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı məlumatlar aşağıdakı cədvəllərdə öz əksini tapıb.