İQTİSADİYYAT
Yanvar-sentyabr aylarında 217 yaşayış məntəqəsinə təbii qaz verilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında Azərbaycanda 217 yaşayış məntəqəsinə təbii qaz verilib. Bu il oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 milyon 767 min 919-a çatıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Əhali kateqoriyasına aid istehlakçılarının mənzillərindəki istismar müddətini başa vurmuş mexaniki sayğaclar yeni “smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və təmir-bərpa işləri görülür.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə bu ilin 9 ayında 9 min 218 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 419 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-sentyabr aylarında 217 yaşayış məntəqəsinə təbii qaz verilib.