CƏMİYYƏT


Yanvar-sentyabr aylarında ölkəmizdə fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 33 110 nəfərə çatıb

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi ölkəmizdə işləyən, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərin də fərdi şəxsi hesaba malik olmalarına imkan yaradır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sistemdə qeydiyyatda olan əcnəbilərin sayı cari ilin sentyabr ayında 274 nəfər, yanvar-sentyabr aylarında isə 5 248 nəfər artıb. Bu ilin oktyabrın 1-nə fərdi uçot sisteminin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı 33 110 nəfər təşkil edib ki, onlardan 88,3 faizi kişilər, digərləri qadınlardır.

Hazırda fərdi uçot sistemində ümumilikdə 120 ölkənin vətəndaşları qeydiyyatdadır. Onların sırasında daha yüksək say göstəricisinə görə ilk yerləri Тürkiyə (15 387 nəfər), Gürcüstan (3 222 nəfər) və Rusiya (1 901 nəfər) vətəndaşları tutur. Sistemdə həmçinin Özbəkistan (1756 nəfər), Hindistan (1409 nəfər), İran (1 033 nəfər), Çin (910 nəfər), Banqladeş (833 nəfər), Pakistan (695 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (650 nəfər), Ukrayna (544 nəfər), Türkmənistan (317 nəfər), Filippin (297 nəfər), ABŞ (283), Almaniya (266), Qazaxıstan (250), İtaliya (213) və s. ölkələrin də vətəndaşları fərdi şəxsi hesaba malikdirlər.

Əcnəbilərin məcburi dövlət sosial sığorta haqqına cəlb olunaraq fərdi şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradılması həmin insanların gələcəkdə pensiya və digər sosial təminat hüquqlarına malik olmalarına əsas formalaşdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.