MƏDƏNİYYƏT
Yapon dilində nəşr olunan “İrs-İsan” jurnalının növbəti nömrəsi çapdan çıxmışdır VİDEO
Tokio, 23 may (AZƏRTAC). Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və “İrs” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan jurnalın yapon dilində beşinci nömrəsi nəşr olunmuşdur.
Nəfis tərtibatda hazırlanmış jurnalın nəşrinin məqsədi yapon xalqını Azərbaycanın zəngin tarixi-mədəni irsi, son illər əldə edilmiş böyük iqtisadi uğurları, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları haqqında daha ətraflı məlumatlandırmaqdır.
Jurnalın bu nömrəsi “Kosuqi Zohen Co. LTD” şirkətinin prezidenti Saki Kosuqinin “Azərbaycan Olimpiya Oyunlarına hazırdır” sərlövhəli məqaləsi ilə başlayır. Müəllif 2011-ci il martın 11-də Yaponiyada baş vermiş təbii fəlakətlə əlaqədar göstərilən yardıma görə bütün yapon xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirir. Qeyd edir ki, Tokio 2020-ci ilin Yay Olimpiya Oyunlarını qarşılamağa hazırlaşdığı kimi, Azərbaycanın paytaxtı Bakı da 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu məqsədlə yeni idman obyektləri, nəhəng stadionlar, olimpiya kompleksləri inşa olunur, yeni infrastruktur layihələri həyata keçirilir. Bakıda aparılan inşaat işlərinin vüsətini yapon oxucuların diqqətinə çatdıran S.Kosuqi məmnuniyyətlə vurğulayır ki, Azərbaycan ilk Avropa Oyunlarını keçirməyə hazırdır.
Müəllif məqalədə Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında dostluq əlaqələrinə də geniş yer verir. Bildirir ki, İsmayıllı Qafqazda Yaponiya şəhəri ilə dostluq müqaviləsi imzalamış ilk rayondur və bu, iki dost xalq arasında əlaqələrin inkişafına müsbət təsirini göstərəcəkdir.
Nəşrdə yaranmasının 96-cı ildönümü hazırda dünyanın bir çox ölkələrində qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operetta olan “Arşın mal alan” əsəri, qədim yaşayış məntəqələrindən biri olan Lahıc kəndi, Qarabağın şəfaverici otları və bu bölgədən çıxmış loğmanlar, tarixi-mədəniyyət nümunələri, ölkəmizin turizm imkanları, müasir Bakının tarixi memarlıq abidələri və digər mövzularda məqalələr yer almışdır.
Jurnalda ecazkar Azərbaycan təbiətini əks etdirən fotolara da geniş yer verilmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio