İQTİSADİYYAT
Yapon iş adamları Azərbaycana səfərin nəticələrindən razı qalıblar VİDEO
Tokio, 14 oktyabr, AZƏRTAC
Tokioda “Cross Border Club”un və “World Investors TV” internet televiziyasının təşkilatçılığı ilə keçirilən toplantıda yapon iş adamlarından ibarət qrupun Azərbaycana işgüzar səfərinin nəticələri müzakirə olunub.
Toplantıda çıxış edən “WorldInvesters TV” internet televiziyasının prodüseri, əcnəbi ölkələrin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış iqtisadçı ekspert Kazuyasu İşida son illər dünya iqtisadiyyatında baş verən proseslərdən, yaranmış mürəkkəb şəraitdən danışıb. Bildirib ki, bəzi ölkələr mövcud iqtisadi potensialdan məharətlə yararlanaraq böhrandan itkisiz çıxmağı bacarıb, ümumi daxili məhsulun artımında irəliləyişə nail olublar. Belə ölkələr sırasında Azərbaycanın xüsusən seçildiyini vurğulayan K.İşida son illər respublikamızda həyata keçirilən nəhəng layihələrdən bəhs edib. Tanınmış ekspert Azərbaycanın iqtisadi proqnozlarının çox ümidverici olduğunu, yaxın 15 ildə daha böyük uğurlara imza atacağını diqqətə çatdırıb. O, bu sürətli inkişafın şahidi olmaq istəyən yapon iş adamlarından ibarət 40 nəfərlik qrupun sentyabrın 22-27-də Azərbaycana işgüzar səfəri barədə məlumat verib.
Səfərdə iştirak etmiş biznesmenlər Azərbaycan haqqında zəngin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Azərbaycanın son illər dinamik inkişafının şahidi olduqlarını qeyd edən iş adamları ölkəmizin həm qədim tarixə, mədəniyyətə malik olduğunu, həm də müasir tikililəri ilə diqqəti cəlb etdiyini vurğulayıblar.
Seminarda Keio Universitetinin iqtisadiyyat fakültəsinin azərbaycanlı tədqiqatçısı Aysu Yusifzadə ölkəmizdə son illərdə əldə edilən iqtisadi uğurlar, investisiya imkanları və biznesin təşkili haqqında məlumat verib, yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu vurğulayıb.
İştirakçıların Azərbaycanda biznesin təşkili prosedurları ilə bağlı sualları cavablandırılıb, maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio