İQTİSADİYYAT


Yapon iş adamlarının iştirakı ilə Azərbaycana həsr edilmiş  növbəti seminar təşkil olunub

Tokio, 20 iyul, AZƏRTAC

Yaponiyanın Saytama prefekturasının Omiya Sonik şəhərində “Cross Border Club” şirkəti tərəfindən Azərbaycana həsr edilən növbəti seminar keçirilib.

Seminarda şirkətin meneceri Kazuyasu İşida son illər dinamik inkişaf nəticəsində böyük uğurlara imza atan Azərbaycan barədə ətraflı məlumat verib. Bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınıb. Cari il oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində təşkil ediləcək ilk “Yapon qida məhsulları sərgisi” barədə məlumat verən K.İşida ölkəmizin qazandığı mühüm uğurlardan danışıb. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına ixracı istiqamətində mühüm nailiyyətlər əldə etdiyi, nəticədə ölkəmizin böyük inkişaf yoluna çıxdığı xüsusi vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilən Azərbaycan yeni, beynəlxalq əhəmiyyətli layihələrin icrasında mühüm rol oynayır. Ölkəmizin, həmçinin zəngin qaz yataqlarına malik olduğu, bu mənbələrdən əldə olunacaq təbii yanacaq hesabına Avropanın enerji təhlükəsizliyinin təmin ediləcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə icra ediləcək TAP və TANAP layihələri barədə iştirakçılara ətraflı məlumat verilib.

Son illər Yaponiya ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndiyini qeyd edən K.İşida bildirib ki, iki ölkə arasında ixrac-idxal əməliyyatlarının artırılması məqsədilə birbaşa karqo xəttinin açılması qarşılıqlı əlaqələrin inkişafına mühüm təsir göstərir. Bu məqsədlə də Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə “Yapon qida məhsulları sərgisi” təşkil edilir. Həmin sərgidə yapon qida məhsulları, içkilər, kosmetik vasitələr və bir çox digər məhsullar nümayiş olunacaq.

K.İşida əlavə edib ki, sərgidə Azərbaycan iş adamları yapon məhsulları ilə tanış olmaq imkanı qazanacaqlar. İki gün davam edəcək sərgidəki 80 stenddə ziyarətçilərə 500-ə yaxın yüksək keyfiyyətli yapon məhsulları təqdim ediləcək.

Təqribən 60-a yaxın şirkəti təmsil edən 150-yə yaxın yapon iş adamının qatılacağı səfər çərçivəsində azərbaycanlı iş adamlarının iştirakı ilə qarşılıqlı əməkdaşlıq barədə müzakirələr də təşkil ediləcək.

Seminarda, həmçinin Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, ölkəmizdə qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.