DÜNYA
Yapon sərhədçilər 200 kiloqramdan çox qızıl müsadirə ediblər
Tokio, 1 iyun, AZƏRTAC
İyunun 1-də Yaponiyanın Sahil Mühafizəsinin əməkdaşları cənub-qərbdə yerləşən Kyuşu adasının Karatsu limanına daxil olan traulerin göyərtəsində ümumi çəkisi 206 kiloqrama bərabər olan qeyri-leqal yük–qızıl külçələr aşkar ediblər. Bu barədə Kyodo agentliyinin yaydığı məlumatda bildirilir ki, müsadirə edilən yükü daşıyan bir neçə nəfər saxlanılıb. Gəminin mənsub olduğu ölkə barədə məlumat verilmir.
Yaponiyada qızılın qiyməti baha olduğuna görə, son vaxtlar Kyuşu adası Cənubi Koreyadan və Çindən gətirilən leqal və qeyri-leqal qızılın ticarəti mərkəzinə çevrilib.
Ötən ilin dekabrında Fukuoka şəhərində cinayətkarlar 700 milyon yen (təqribən 6 milyon dollardan çox) dəyərində qızıl külçələri qarət etmişdilər. Cari ilin mayında bu işlə əlaqədar bir qrup yapon həbs edilib. Hazırda istintaq davam edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio