DÜNYA
Yapon süni peyki ətrafında yüksək dərəcədə metan toplanan şəhərləri aşkar edib
Tokio, 29 noyabr, AZƏRTAC
Yaponiyanın “İbuki” süni peyki Çin, Pakistan, Hindistan və ABŞ-ın ətrafında yüksək dərəcədə parnik qazlarından olan metanın toplandığı iri şəhərlərini və sənaye mərkəzlərini aşkar edib.
Bu barədə məlumat yayan “Tokyo shimbun” qəzeti bildirir ki, həmin tədqiqatın nəticələri Parisdə keçiriləcək BMT-nin iqlim dəyişmələrinə həsr olunacaq COP-21 konfransına bir neçə gün qalmış dərc edilib.
Yaponiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin və Ətraf Mühitin Tədqiqi Milli İnstitutunun mütəxəssisləri süni peykin 2009-2012-ci illər ərzində topladığı məlumatları tədqiq ediblər. Tədqiqat zamanı böyük bataqlıqların və meşə yanğınlarının ətrafında metan toplanmasının qeydiyyatı nəzərə alınmayıb.
Nəticədə mütəxəssislər müəyyən ediblər ki, metanın ən çox toplandığı ərazilərə Çinin Çendu və Çünçin şəhərləri daxildir. Ümumi əhalisinin sayı 22 milyona çatan həmin şəhərlərdə 81 ppb metan toplandığı məlum olub.
İkinci yerdə 58,1 pbb göstərici ilə Pakistanın Lahor, üçüncü yerdə isə hər ikisi 54 pbb göstəriciyə malik olan Hindistanın Kəlküttə və Banqladeşin Dəkkə şəhərləridir. Rusiyanın Surqut şəhərində 35 ppb, ABŞ-ın Los-Anceles və San-Fransisko şəhərlərində 33,7 ppb, Nyu-York və Pittsburqda isə 22 ppb metan sıxlığı qeydə alınıb. Ən güclü parnik qazlarından biri hesab olunan metan karbon qazı ilə müqayisədə iqlimə 25 dəfə çox mənfi təsir göstərir.
Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi tərəfindən orbitə çıxarılmış “İbuki” süni peyki Yerin atmosfer qatında parnik qazları barədə məlumat toplamağa imkan verən ilk meteoaparatdır. Ümumi çəkisi 1750 kiloqram ağırlığında olan süni peykdə quraşdırılmış ötürücülər və qurğular ona 100 dəqiqə ərzində Yer üzərindəki 56 min nöqtədə parnik qazlarının sıxlığını və temperaturu ölçməyə imkan verir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio