DÜNYA
Yaponiya ABŞ-ı azad ticarət siyasətinə sadiq qalmağa çağırır
Tokio, 11 noyabr, AZƏRTAC
Yaponiya hökuməti ABŞ-ın yeni administrasiyasını azad ticarətə mühüm əhəmiyyət verən iqtisadi siyasətə sadiq qalmağa çağırmağı planlaşdırır.
ABŞ-ın yeni Prezidenti seçilmiş Donald Tramp formalaşmaqda olan administrasiyasına yanvarda keçiriləcək inauqurasiya mərasiminə hazırlaşmağı tapşırıb.
Prezident seçkiləri ərəfəsində D.Tramp bəyan edib ki, ABŞ azad ticarət barədə Trans-Sakit Okean Tərəfdaşlığı çərçivəsində razılaşmadan çıxmalıdır.
ABŞ-da hakimiyyətə gələn yeni administrasiyanın bu mövqeyi Yaponiyada iqtisadiyyatın vəziyyəti ilə bağlı ciddi narahatlığa səbəb olub.
Yaponiya Xarici İşlər Nazirliyinin mütəxəssislər şurası Yaponiya-ABŞ münasibətləri ilə bağlı bir sıra təkliflər hazırlayıb. Sənəddə bildirilir ki, azad ticarət və investisiyalar Yaponiya ilə ABŞ üçün tərəqqi və çiçəklənmənin mənbəyi rolunu oynayır.
Mütəxəssislər şurası ümidvar olduğunu vurğulayıb ki, Trans-Sakit Okean Tərəfdaşlığı çərçivəsində razılaşma yanvarda, Barak Obamanın Prezidentlik dövrü başa çatanadək ABŞ Konqresi tərəfindən bəyəniləcək.
Şura məsələnin tezliklə həll olunması üçün Tokionu Konqresdəki deputatlarla əməkdaşlığı intensivləşdirməyə çağırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio