DÜNYA
Yaponiya, ABŞ və Koreya Respublikasının nümayəndələri Kim Çen Namın qətli məsələsini müzakirə ediblər
Tokio, 28 fevral, AZƏRTAC
Yaponiya, ABŞ və Koreya Respublikasının yüksək vəzifəli diplomatları bundan sonra da Şimali Koreyanı təxribatçı hərəkətlərdən çəkindirmək üçün təzyiqləri davam etdirəcəklərini bildiriblər.
NHK telekanalının yaydığı məlumata görə, fevralın 27-də Vaşinqtonda bir araya gələn diplomatlar Şimali Koreya liderinin qardaşının qətli məsələsini də müzakirə ediblər. Görüşdə Yaponiya Xarici İşlər Nazirliyindən Kenci Kanasuqinin, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cozef Yunun və Cənubi Koreyanın xüsusi nümayəndəsi Kim Hon Qyunun iştirak etdiyi bildirilir.
Tərəflər Pxenyanın nüvə və raket proqramlarının bu ölkələr üçün birbaşa təhlükə olması və beynəlxalq ictimaiyyət tərəfindən Şimali Koreya rəhbərliyinə güclü təzyiq göstərilməsinin zəruriliyi barədə vahid mövqe nümayiş etdiriblər.
Müzakirələr zamanı Kim Çen Namın qətlinin Şimali Koreyaya və onun əsas müttəfiqi Çinə təsiri ilə bağlı fikir mübadiləsi də aparılıb.
Görüşdən sonra K.Kanasuqi jurnalistlərə bildirib ki, ABŞ Prezidenti Donald Tramp hadisələrin gələcək inkişafının mümkün variantlarını kənara qoymadan Şimali Koreyanın qarşısının alınması siyasətinin daha da kəskinləşəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın yeni administrasiyası əvvəlki rəhbərliklə müqayisədə Şimali Koreya ilə bağlı siyasətində daha kəskin mövqe nümayiş etdirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio