DÜNYA
Yaponiya BMT-yə nüvə silahının ləğv olunması barədə qətnamə layihəsi təqdim edəcək
Tokio, 28 sentyabr, AZƏRTAC.
Yaponiya nüvə silahının tamamilə ləğv olunması barədə qətnamə layihəsini BMT-nin tərksilah üzrə komitəsinin müzakirəsinə təqdim edəcək. Yaponiya artıq 23 ildir ki, ardıcıl olaraq belə təşəbbüslə çıxış edir.
NHK kanalının yaydığı məlumata görə, bu barədə bəyanatla Yaponiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Yoşifumi Okumara çıxış edib.
Xatırladaq ki, sentyabrın 26-sı beynəlxalq nüvə silahının tam ləğv edilməsi günü kimi qeyd olunub. Həmin günün qeyd olunması barədə qərar BMT-də 2013-cü ildə keçirilmiş nüvə tərksilahı ilə bağlı yüksək səviyyəli görüşdə qəbul edilib.
Cari ildə BMT-nin Nyu-Yorkdakı baş qərargahında həmin mövzuya həsr edilən növbəti görüşdə 40-dan çox ölkənin nümayəndəsi iştirak edib.
Y.Okumara bildirib ki, Yaponiya yaxın zamanda BMT Baş Məclisinin tərksilah üzrə komitəsinə nüvə silahının ləğvi barədə qətnamə layihəsini təqdim edəcək. Dünyada nüvə bombardmanından zərər çəkən yeganə ölkə olaraq Yaponiya beynəlxalq ictimaiyyətə nümayiş etdirmək istəyir ki, o, bu istiqamətdə bütün gücünü sərf etməyə hazırdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio