DÜNYA
Yaponiya Baş nazirinin müavini nazirlər üçün qaydaları pozduğuna görə üzr istəyib
Tokio, 4 iyul, AZƏRTAC
Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso ötən il qolf klubdan aldığı üzvlük vəsiqəsinə görə iyulun 4-də üzr istəyib. Bu, yapon nazirlər üçün müəyyən edilmiş qaydaların pozulması deməkdir. Müvafiq bəyanatla T.Aso Tokioda keçirilən mətbuat konfransında çıxış edib. Baş nazirin müavini yol verdiyi diqqətsizliyə görə üzr istədiyini deyib.
Kyodo agentliyinin bildirdiyinə görə, T.Aso həmin abonementi yaxın tanışına məxsus olan qolf klubdan alıb. Hazırda Baş nazirin müavini abonementi geri qaytarmağa çalışır və onun işçilərinin bildirdiyinə görə, bu əməliyyatdan o, heç bir mənfəət əldə etməyəcək. Klub kartının dəyəri açıqlanmır.
Yapon nazirlərin davranışı haqda 2001-ci ildə qəbul edilən qaydalara əsasən, onlar vəzifədə olduqları dövrdə qolf klublardan üzvlülük kartı ala bilməzlər. Çünki bu, çox bahalı investisiya qoyuluşu hesab olunur. Əgər nazir vəzifəyə təyin edilənədək belə bir kart alıbsa, bu barədə mütləq illik maliyyə bəyannaməsındə məlumat verməlidir. Belə bir qayda, eyni zamanda, daşınmaz əmlaka və səhmlərə də tətbiq edilir. Bununla yanaşı, həmin qaydaların pozulması zamanı hər hansı cəzanın tətbiq edilməsi nəzərdə tutulur.
Son vaxtlar Yaponiya Liberal Demokratik Partiyasını (LDP) çoxsaylı qalmaqallar silkələməkdədir. İyunun ortalarında Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyi Baş nazir Şinzo Abenin dostu Kotaro Kakenin kommersiya layihəsinə göstərdiyi yolverilməz yardım barədə sənədləri açıqlayıb. Bir qədər sonra “Şinçyo” həftəlik nəşri LDP-nin baş katibinin müavini Hakubun Şimomuranın K.Kakeyə məxsus olan şirkətdən 2 milyon yen (təqribən 18 min dollar) aldığını bildirib.
İyunun 27-də isə müdafiə naziri Tomomi İnada Tokio assambleyasına seçki kampaniyası zamanı rəhbərlik etdiyi qurumun adından LDP-dən olan namizədi dəstəklədiyinə görə növbəti qalmaqala səbəb olub. Müxalifətin qənaətinə görə, T.İnada bu çağırışla bir neçə qanunun tələblərini pozub.
Demokratik Partiya və bir neçə kiçik siyasi təşkilat parlamentin növbədənkənar sessiyasının çağırılmasını və nazirin istefa verməsini tələb ediblər.
Bütün bu baş verənlər fonunda Ş.Abenin rəhbərlik etdiyi Nazirlər Kabinetinin reytinqi hazırda 42 faiz həddinə düşüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio