DÜNYA
Yaponiya Çin gəmilərinin ona məxsus ərazi sularına daxil olmasına görə bu ölkəyə etiraz edib
Tokio, 24 iyun, AZƏRTAC
Yaponiyanın Xarici İşlər Nazirliyi mübahisəli Senkaku adaları yaxınlığında Çinin dörd gəmisinin ona məxsus ərazi sularına daxil olmasına görə bu ölkəyə etirazını bildirib. Bu barədə NHK telekanalı məlumat yayıb.
Xatırladaq ki, şənbə günü səhər Çinin Sahil Mühafizəsinin gəmiləri Senkaku adaları yaxınlığında Yaponiyanın ərazi sularına daxil olub. Yaponiya Sahil Mühafizəsi Xidmətinin ərazini tərk etmək barədə çağırışlarına baxmayaraq, bu gəmilər iki saat orada qalıb.
Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya departamentinin direktoru Kenci Kanaşuqi Çin səfirliyinə ölkəsinin etirazını telefon vasitəsilə çatdırıb.
K.Kanaşuqinin sözlərini sitat gətirən telekompaniya yazır: “Senakaku adaları Yaponiyanın ayrılmaz tərkib hissəsidir. Yaponiyanın ərazi sularına qeyri-qanuni giriş ölkənin suverenliyini pozur və bu, tamamilə yolverilməzdir”.
Senkaku adaları Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan bu adalara iddialıdırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio