DÜNYA
Yaponiya Çin və Cənubi Koreyaya üçtərəfli sammit keçirməyi təklif edib
Tokio, 14 iyun, AZƏRTAC
Yaponiya Çin və Cənubi Koreyaya cari ilin iyulunda Tokioda bu ölkələrin liderlərinin üçtərəfli sammitini keçirməyi təklif edib. Bu barədə Kyodo agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Yaponiyanın Baş naziri Şinzo Abe Çinin sədri Si Cinpinlə bu məsələni G20 ölkələrinin iyulda Almaniyada keçiriləcək sammiti zamanı müzakirə etməyi düşünür. Agentlik qeyd edir ki, üçtərəfli görüşdə Çinin iştirakı çox önəmlidir. Bu, Çin Kommunist Partiyasının cari ilin payızında keçiriləcək növbəti qurultayına görə ölkə rəhbərinin cədvəlinin çox gərgin olması ilə əlaqələndirilir.
Cənubi Koreyanın yeni prezidenti Mun Çe-in seçkilərdən dərhal sonra Yaponiya lideri ilə görüşmək niyyətini açıqlayıb. Həmin ölkələr bu günlərdə liderlərin xüsusi nümayəndələrinin səfərlərini də həyata keçiriblər.
Gözlənildiyi kimi, üçtərəfli görüşün əsas mövzularından biri Şimali Koreya və bu ölkə tərəfindən son vaxtlar keçirilən raket sınaqları olacaq.
Yaponiya, Çin və Cənubi Koreya liderlərinin son sammiti 2015-ci ilin noyabrında Seulda baş tutub. Belə görüşlərdə Çini adətən Dövlət Şurasının Baş naziri Li Keçyan təmsil edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio