DÜNYA
Yaponiya Cənubi Kuril adalarında Rusiya ilə birgə təsərrüfat fəaliyyəti barədə plan hazırlayır
Tokio, 26 fevral, AZƏRTAC.
Yaponiya hökuməti cənubi Kuril adalarında birgə təsərrüfat fəaliyyətinin konkret istiqamətlərini nəzərdə tutan planı Rusiya tərəfinə təqdim etməyə hazırlaşır.
“Nikkey” qəzetinin 26 fevral tarixli nömrəsində dərc olunan həmin plana görə yaponların iddia etdiyi adaların mənsubiyyəti qeyd olunmadan, burada səhiyyə, balıqçılıq, ekologiya və turizmin inkişafı ilə bağlı konkret istiqamətlər üzrə birgə təsərrüfat fəaliyyətinin aparılması nəzərdə tutulur.
Nəşrin bildirdiyinə görə, martın 18-də Tokioda keçirilməsi nəzərdə tutulan danışıqlar zamanı yapon hökuməti Cənubi Kuril adalarında birgə fəaliyyətin tərkib hissəsi olaraq Hokkaydo adasındakı həkimlər tərəfindən səhiyyə xidməti sahəsində internet vasitəsilə əlaqə də daxil olmaqla, yardım göstərməyi təklif edəcək.
Turizm sahəsində əməkdaşlığa gəlincə, yapon tərəfinin fikrincə, özəl şirkətlər tərəfindən yaponiyalı turistlərin Cənubi Kuril adalarına kruizi təşkil edilə bilər. Yaponiya hökumətinin digər bir təklifinə görə, hər iki ölkənin ekoloqları da həmin ərazidə əməkdaşlıq edə bilərlər.
Qəzet, həmçinin qeyd edir ki, Yaponiya ilə Rusiya arasında balıq ovu sahəsində birgə müəssisənin təşkili və dəniz məhsullarının istehsalı hər iki tərəf üçün faydalı ola bilər.
Xatırladaq ki, mübahisəli adalarda birgə təsərrüfat fəaliyyətinə dair razılıq Rusiya Prezidenti Vladimir Putinin ötən ilin dekabrında Yaponiyaya rəsmi səfəri çərçivəsində Baş nazir Şinzo Abe ilə aparılan danışıqlar zamanı əldə edilib. Həmin razılaşmanın reallaşdırılması ilə əlaqədar martın 18-də Tokioda ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio