DÜNYA
Yaponiya Hindistan siyasətini dəyişəcəyi təqdirdə bu ölkə ilə razılaşmadan imtina edəcək
Tokio, 12 may, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Fumio Kişida bəyan edib ki, Hindistan nüvə silahından istifadədən imtina barədə siyasətini birinci olaraq dəyişəcəyi təqdirdə Yaponiya bu ölkə ilə atom energetikası sahəsində əldə edilən razılaşmadan imtina edəcək.
Nazir bu barədə bəyanatla mayın 12-də parlamentin aşağı palatasının komitə iclasında ötən il iki ölkənin Baş nazirləri arasında imzalanan müqavilənin müzakirəsi zamanı səslənən sualı cavablandırarkən çıxış edib.
Parlamentin üzvləri F.Kişidaya Hindistan nüvə sınaqlarına tətbiq etdiyi moratoriumu aradan qaldıracağı və nüvə silahından istifadə etməyəcəyi barədə siyasətini birinci olaraq dəyişəcəyi təqdirdə Yaponiyanın hansı addımları atacağı barədə sual ünvanlayıblar.
Sualı cavablandıran nazir deyib ki, Yaponiya və Hindistan arasında əməkdaşlıq Hindistan Hökumətinin 2008-ci ildə bəyan etdiyi nüvə silahından birinci istifadə etməmək barədə siyasətinə əsaslanır.
F.Kişida bildirib ki, bəyanatın məzmununda dəyişiklik olacağı təqdirdə, Yaponiya həmin razılaşmadan imtina etmək hüququnu özündə saxlayır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio