DÜNYA
Yaponiya Hökuməti yanında Şura İmperatorun taxtdan imtinası ilə bağlı hesabat dərc edəcək
Tokio, 23 yanvar, AZƏRTAC
İmperator Akihitonun taxt-tacdan könüllü imtinası ilə bağlı Yaponiya Hökuməti yanında Şura yanvarın 23-də həmin mövzuda müzakirələrin nəticələrini dərc edəcək.
NHK telekanalının yaydığı məlumata görə, şura üzvləri müzakirələrə yanvarın 23-də keçiriləcək sayca doqquzuncu görüşdən sonra yekun vurmağı planlaşdırırlar. Bu görüşdə Baş nazir Şinzo Abenin və Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın iştirak edəcəkləri də gözlənilir.
Hesabatda İmperatorun taxtdan imtinası nəticəsində yarana biləcək müsbət və mənfi halların əksini tapacağı ehtimal olunur. Sənəddə, həmçinin yalnız hazırkı İmperatorun taxtdan imtinası ilə bağlı həyata keçiriləcək birdəfəlik tədbirlər deyil, eyni zamanda, gələcəkdə belə hallar zamanı atılacaq addımlar da əksini tapacaq.
Təxminən martın ortalarında ölkə parlamenti məsələ ilə bağlı münasibətini dərc edəcək.
Şura yekun hesabatı dərc etməzdən əvvəl onun cəmiyyətə və parlamentdə aparılacaq müzakirələrə təsirini də diqqətlə izləməyi planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio