DÜNYA
Yaponiya KXDR raketlərini vurmaq üçün “Patriot” komplekslərinin quraşdırılmasını başa çatdırıb
Tokio, 12 avqust, AZƏRTAC
Yaponiyanın özünümüdafiə qüvvələri Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən ABŞ-ın Quam adası istiqamətində buraxılacaq ballistik raketlərin uçuşu gözlənilən ölkənin qərb və cənub-qərb rayonları ərazisində raket əleyhinə komplekslərin yerləşdirilməsini avqustun 12-də başa çatdırıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, “Patriot” raket əleyhinə kompleksləri (PAC-3) Hönşü adalarında yerləşən Şimane və Hiroşima prefekturalarında, eyni zamanda, Sikoku adasında yerləşən Ehimo və Koti prefekturalarında quraşdırılıb.
Bundan əlavə, NHK telekanalının məlumatına əsasən, Yaponiya özünümüdafiə dəniz qüvvələrinin “Aegis” informasiya-idarəetmə sistemi ilə təchiz edilmiş gəmisinin Yapon dənizinə çıxdığı da bildirilir.
BMT Təhlükəsizlik Şurasının sanksiyalarına baxmayaraq, KXDR ABŞ tərəfindən təhdidləri əsas göstərərək raket sınaqlarını davam etdirir. Bu ölkə tərəfindən buraxılan raketlər əsasən Yaponiyaya məxsus iqtisadi zonada dənizə düşür.
Xatırladaq ki, Quam adasında ABŞ-ın “Andersen” aviabazası və “Apra-Harbor” hərbi-dəniz bazası yerləşir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio