DÜNYA
Yaponiya Kuril adalarında hərbi diviziyaların yerləşdirilməsi planına görə Rusiyaya etirazını bildirib
Tokio, 23 fevral, AZƏRTAC
Yaponiya hökuməti Kuril adalarında hərbi diviziyaların yerləşdirilməsi planı ilə əlaqədar Rusiyaya etirazını bildirib. Bu barədə məlumat verən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suq bildirib ki, etiraz Rusiya tərəfinə diplomatik kanallar vasitəsilə çatdırılıb.
Məsələni şərh edən baş katib mətbuat konfransında deyib: “Etiraz fevralın 22-də və 23-də diplomatik kanallar vasitəsilə çatdırılıb. Rusiya silahlı qüvvələrinin şimal torpaqlarında hərbi iştirakı gücləndirmək niyyəti məyusedicidir. Bu, bizim dövlətin mövqeyinin tamamilə əksinədir”.
Rusiyanın müdafiə naziri Serqey Şoyqu fevralın 22-də həmin planla bağlı çıxış edib. Bu diviziyaların ilin sonunadək Kuril adalarında yerləşdiriləcəyini qeyd edən nazir, yeni hərbi hissələrin mövqeyi və say tərkibi barədə məlumat verməyib.
Yaponiya Kuril adaları silsiləsinin cənubunda yerləşən dörd adaya – İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddia edir. Yaponiya həmin adaların qaytarılmasını II Dünya müharibəsinin nəticəsi olaraq Rusiya ilə sülh müqaviləsinin əsas şərti kimi irəli sürür. Lakin rəsmi Moskva həmin adaların II Dünya müharibəsindən sonra SSRİ-nin tərkibinə daxil edildiyini və Rusiyanın həmin adalar üzərində suverenliyinin beynəlxalq hüquq normalarına uyğun olduğunu bildirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio