DÜNYA


Yaponiya Şimali Koreyanın ballistik raket buraxmasını təxribat adlandırıb

Tokio, 12 fevral, AZƏRTAC.

Rəsmi Tokio Yaponiya və ABŞ liderlərinin sammitindən dərhal sonra Şimali Koreya tərəfindən ballistik raket buraxılışını “bu ölkəyə və regiona qarşı təxribat” adlandırıb. Bu barədə Kyodo agentliyinin Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqaya istinadla yaydığı məlumatda bildirilir.

Y.Suqanın sözlərini sitat gətirən agentlik yazır: “Bu bizim ölkəmizə və regiona qarşı təxribatçı hərəkətdir”.

Həmin ərəfədə Yaponiya xarici işlər naziri Fumio Kişida bəyan edib ki, Şimali Koreya tərəfindən raket buraxılışı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır və Yaponiya hökuməti BMT TŞ-nin Pxenyanın təxribatçı hərəkətini pisləyən addımlar atması istiqamətində işləyir.

Məlumat üçün bildirək ki, Şimali Koreya raketi yerli vaxtla saat 7:55-də Pxyonan-Pukto əyalətindən buraxıb. Cənubi Koreya hərbçilərinin verdiyi məlumata görə, raket 500 kilometr məsafə qət edərək Yapon dənizinə düşüb. Tokio bildirib ki, raket bu ölkəyə məxsus iqtisadi zonaya daxil olmayıb.

Raketin növü hələlik müəyyənləşdirilməyib. Mütəxəssislər raketin orta məsafəli “Musudan” və ya yaxın məsafəli “Nodon” növünə aid olduğunu dəqiqləşdirirlər.

Yaponiya hökuməti raketin buraxılışı ilə bağlı Şimali Koreyaya etirazını bildirib. Baş katibin sözlərinə görə, raketin vurduğu zərər hələ müəyyən olunmayıb. Müdafiə naziri Tomomi İnada isə öz növbəsində bildirib ki, nazirlik məlumatların toplanmasını davam etdirir və Şimali Koreyada raket buraxılışından sonra vəziyyəti diqqətlə izləyir. Hadisə ilə əlaqədar Yaponiya Milli Təhlükəsizlik Şurasının xüsusi iclası keçirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.