DÜNYA
Yaponiya “Xalonq” qasırğasının cəngində VİDEO
Bakı, 9 avqust (AZƏRTAC). Güclü yağış və küləklə müşayiət olunan “Xalonq” qasırğası Yaponiyada 360-dan çox aviareysin təxirə salınmasına səbəb olub.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, ötən gecə təbii fəlakətin əsas zərbəsi ölkənin cənub adalarına dəyib. Bu adalara saatda 60 millimetrdən çox yağıntı düşüb. Güclü külək Karosima prefekturasında 3500-ə yaxın evi işıqsız qoyub. Leysan yağışlar nəticəsində Miyadzaki prefekturasındakı iki çayda suyun səviyyəsi təhlükəli həddə çatdığından 66 mindən çox sakinə ərazini tərk etmək tövsiyə olunub.
Hazırda qasırğa şimal istiqamətində irəliləyir. Episentrdə küləyin sürəti saniyədə 40 metr, bəzən hətta 55 metr təşkil edir. Siklonun keçdiyi rayonlarda dalğanın hündürlüyü 10 metrə çatır.
Yaponiyanın milli hidrometerologiya idarəsi dağlıq rayonlarda daşqın və torpaq sürüşmələri təhlükəsi barədə xəbərdarlıq edərək, sakinləri ciddi zərurət olmadığı təqdirdə küçəyə çıxmamağa çağırıb.