DÜNYA
Yaponiya alimləri yaxın 30 ildə ölkədə dağıdıcı zəlzələnin baş verəcəyini proqnozlaşdırırlar
Tokio, 22 dekabr, AZƏRTAC
Yaponiya seysmoloqlarının bildirdiyinə görə, ölkədə əhalinin ən sıx toplaşdığı Kanto mərkəzi rayonuna ciddi xəsarət yetirəcək güclü zəlzələnin baş verməsi ehtimalı getdikcə artmaqdadır. Alimlərin proqnozlarına görə, dağıdıcı zəlzələnin baş vermə ehtimalı hazırda 78 faizə bərabərdir.
Yaxın 30 ildə təbii fəlakətin ölkənin ən böyük liman şəhəri olan Yokohamaya düşəcəyi güman olunur. Yeraltı təkanların Tokio ilə qonşu olan Çiba prefekturasında qismən az - təqribən 73 faiz, paytaxt Tokionun özündə isə 46 faiz baş verəcəyi proqnozlaşdırılır. Bununla bərabər, hətta ən şimal adası olan Hokkaydo da belə yaxın 30 ildə güclü zəlzələnin baş vermə ehtimalı 68 faiz təşkil edir.
Yaponiyanın yaxınlığında yerləşən Nankay çatında səkkiz baldan yuxarı zəlzələnin baş verməsi mümkünlüyü də bildirilir. Mütəxəssislər güman edirlər ki, həmin rayonda baş verəcək zəlzələ Yaponiyaya 220 trilyon yen (1,8 trilyon ABŞ dolları) zərər vura bilər. Hökumət komissiyasının bildirdiyinə görə, 900 kilometr uzunluğunda olan Nankay çökəkliyində baş verəcək yeraltı təkanlar nəticəsində Yaponiyanın Sakit okean sahillərini hündürlüyü 20 metrə çatacaq sunami dalğaları basa bilər. Gözlənilən təbii fəlakət nəticəsində dəyəcək zərər isə 1995-ci ildə Kobedə (10 trilyon yen) və 2011-ci ildə Yaponiyanın şərq sahillərində (17 trilyon yen) baş vermiş güclü zəlzələlərin vurduğundan əhəmiyyətli dərəcədə çox olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio