CƏMİYYƏT
Yaponiya dünyada sağlam qida üzrə nümunə ola bilər
Bakı, 11 may, AZƏRTAC
Sağlam qida mədəniyyəti ilə tanınan Yaponiya piylənmə səviyyəsinə görə dünya ölkələri siyahısında ən alt sıralarda yer tutur. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Jose Qratsiano Da Silva Yaponiyaya səfəri zamanı bildirib. AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, FAO-nun Baş direktorunun sözlərinə görə, yaponlar bunu gündəlik qida rasionlarına daxil etdikləri meyvə, tərəvəz və dəniz məhsullarına borcludurlar. Tokio Universitetində çıxışı zamanı FAO-nun rəhbəri yaponları bütün dünya ilə sağlam qida istiqamətində öz zəngin bilik və təcrübələri ilə bölüşməyə çağırıb. Bundan əlavə direktor Xiroko Kunii və Katsuxiro Nakamurını Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Yaponiyadakı ilk xoşməramlı səfirləri elan edib. O, bununla səfirlərin FAO-nun fikirlərinin dünyada yayılmasına töhfə verə biləcəklərini qeyd edib.
Xiroko Kunii Yaponiyanın aclıq məsələlərini müzakirə edən “Bu gün iri planla” verilişinin məşhur aparıcısıdır.
Katsuxiro Nakamura isə 1979-cu ildə Parisdə keçirilən, restoran qidalarına həsr olunmuş tədbirdə bu sahə üzrə ən yüksək mükafat “Mişlen ulduzu”na layiq görülən ilk yaponiyalı aşpazdır.