DÜNYA
Yaponiya hərbi təyyarələrini ilk dəfə olaraq “hava-yer” raketləri ilə təchiz edəcək
Tokio, 26 iyun, AZƏRTAC
Yaponiya hökuməti hərbi-hava qüvvələri üçün alınacaq yeni F-35 hərbi təyyarələrini “hava-yer” raketləri ilə təchiz etmək niyyətindədir. Bu, həmin təyyarələrdən xaricə, xüsusən Şimali Koreyaya qarşı zərbə endirilməsi üçün nəzərdə tutulur.
“Yomiuri” qəzetinin yaydığı məlumata görə, həmin layihə üçün vəsaitin 2018-ci maliyyə ilində ayrılması nəzərdə tutulur.
Yaponiya hökuməti 42 ədəd ABŞ-ın “Lockheed Martin Aeronautics” şirkəti tərəfindən “stels” texnologiyasından istifadə edilərək hazırlanan F-35 təyyarəsi almağı planlaşdırır. Gələn ilin yazından başlayaraq, həmin təyyarələrin yapon hərbi-hava qüvvələrinin Misava bazasına qəbul olunacağı bildirilir. Əvvəllər güman edilirdi ki, Yaponiyanın hərbi potensialı müdafiə xarakterlidir və ona hücum silahları lazım deyil. Lakin qəzet bildirir ki, Yaponiya bu məhdudiyyətdən imtina etmək qərarına gəlib.
F-35 təyyarələrinin cəbbəxanası üçün hazırda Norveçdə istehsal edilən “Joint Strike Missile” raketləri nəzərdə tutulur. Onun uçuş məsafəsi 300 kilometrdir.
Rəsmi olaraq bildirilir ki, həmin raketlərin alınmasında məqsəd Yaponiyanın uzaq adalarını, xüsusən Şərqi Çin dənizindəki adaları qorumaqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio