DÜNYA
Yaponiya hökuməti Böyük Britaniyanın Aİ-dən çıxması ilə əlaqədar yapon şirkətlərinə yardım edəcək
Tokio, 30 mart, AZƏRTAC
Yaponiya hökuməti Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə əlaqədar bu ölkədə fəaliyyət göstərən yapon şirkətlərinə qarşılaşacaqları çətinliklərlə bağlı yardım üçün görüş təşkil edib.
Yaponiya Xarici İşlər və İqtisadiyyat, Ticarət və Sənaye nazirliklərinin, həmçinin maliyyə işləri üzrə İdarənin nümayəndələri Böyük Britaniya Aİ-dən çıxdığını rəsmən elan etdikdən sonra martın 30-da təşkil olunan həmin görüşdə iştirak ediblər. Böyük Britaniyada fəaliyyət göstərən yapon şirkətləri bu ölkənin vahid Avropa bazarından çıxacağı təqdirdə tariflərin yüksələcəyindən və gömrük prosedurlarının mürəkkəbləşəcəyindən narahatdırlar.
Görüşdə Nazirlər Kabineti baş katibinin müavini Koiçi Haqiuda qeyd edib ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə yaranacaq mənfi halların iqtisadi fəaliyyətə təsir etməməsi üçün müvafiq addımlar atılmalıdır. K.Haqiuda rəsmi şəxslərə yaranmış vəziyyətə çevik reaksiya vermək üçün diplomatik imkanlardan istifadə etmək barədə göstəriş verildiyini bildirib. Bununla yanaşı, müvafiq nazirliklərə Böyük Britaniya ilə Aİ arasında danışıqların gedişini proqnozlaşdırmaq üçün lazımi informasiyanın toplanması barədə də tapşırıq verildiyi qeyd edilib. Əlavə olaraq, K.Haqiuda nazirlikləri Avropadakı yapon şirkətlərinin narahatlığını və xahişlərini Böyük Britaniyanın və digər ölkələrin hakimiyyət orqanlarına çatdırmağa çağırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio