DÜNYA
Yaponiya hökuməti: İmperatorun taxt-tacdan imtinası üçün xüsusi qanun lazımdır
Tokio, 7 oktyabr, AZƏRTAC
Yaponiya hökuməti bildirib ki, İmperator Akihitonun taxt-tacdan imtinasını təmin etmək üçün yalnız ona münasibətdə xüsusi qanun hazırlanmalıdır. Bu barədə parlamentin deputatlarından birinin Nazirlər Kabinetinə ünvanladığı sorğuya hazırlanan yazılı cavabda bildirilib.
Konstitusiyaya əsasən, yapon imperatorlarının taxt-tacı mövcud qanunvericiliyə uyğun olaraq ötürülür. Həmin qanuna görə, yalnız mövcud monarx dünyasının dəyişdikdən sonra taxt-tac vəliəhdə verilir. Hökumətin cavabında deyilir: “Mövcud qanunvericilikdən fərdi şəkildə yayınmağa imkan verən xüsusi qanun hazırlanmalıdır”.
Xəbər verdiyimiz kimi, 82 yaşlı İmperator Akihito yaşının çox olması ilə əlaqədar taxt-tacdan imtina etmək istəməsi barədə eyham vurub. Bu barədə o, avqustda millətə ünvanladığı radiomüraciətində danışıb.
Hökumət məsələnin həlli məqsədilə ötən ay mütəxəssislərdən ibarət xüsusi şura təsis edib. Yaponiya tarixində yapon monarxların sağlıqlarında taxt-tacdan imtina etməsi barədə faktlar məlumdur. Sonuncu dəfə belə bir hadisə 1817-ci ildə baş verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio