DÜNYA
Yaponiya hökuməti Naraha şəhərinin sakinlərinə evlərinə qayıtmağa icazə verib
Tokio, 5 sentyabr, AZƏRTAC
Yaponiyada “Fukusima-1” Atom Elektrik Stansiyasından (AES) 20 kilometr məsafədə yerləşən Naraha şəhərinin təxliyyə olunmuş sakinlərinə evlərinə qayıtmağa icazə verilib. Hökumət tərəfindən bu barədə qərar zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər başa çatdırıldıqdan sonra qəbul edilib.
Beləliklə, AES-də qəza baş verməzdən əvvəl Naraha şəhərində yaşamış 7,3 min nəfər öz evlərinə dönə bilər. Hazırda onların əksəriyyəti 30 kilometr cənubda yerləşən İvaki şəhərində məskunlaşıb. Hələlik sakinlərin yalnız 10 faizi evlərinə qayıtmaq niyyətində olduğunu bildirib.
Hökumət orqanları Narahada aparılan təmizlik işlərinin başa çatdırıldığını bəyan etsə də, burada infrastruktur tam bərpa olunmayıb. Belə ki, şəhərdə cəmi üç mağaza fəaliyyətini bərpa edib, səhiyyə və sosial müəssisələr işləmir. Hökumət strukturları onların fəaliyyətini oktyabrın sonlarınadək bərpa edəcəklərini bildirirlər.
Yaponiya hökuməti Fukusima prefekturasının bir çox rayonlarında təxliyyə rejimini 2016-cı maliyyə ilinin sonunadək ləğv etməyi planlaşdırsa da, həmin ərazilərdə hələ də radiasiyanın yüksək olması səbəbindən bu plan dəyişdiriləcək.
Xatırladaq ki, 2011-ci ilin martında Hönşü adasının şimal-şərqində baş verən dəhşətli zəlzələ və sunami nəticəsində 18 minədək insan həlak olmuş və ya itkin düşmüşdü. Təbii fəlakət nəticəsində “Fukusima-1” AES-də baş verən qəza radioaktiv maddələrin ətrafa yayılmasına səbəb olmuşdu ki, bu da 80 min insanın təxliyyəsi ilə nəticələnmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio