DÜNYA
Yaponiya hökuməti Tokio Olimpiadası zamanı istilərdən qorunmaq üçün əlavə tədbirlər hazırlayır
Tokio, 19 iyun, AZƏRTAC
Yaponiya hökumətinin rəsmi nümayəndələri “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları zamanı idmançıları və qonaqları yayın istisindən qorumaq üçün əlavə tədbirlər görülməsi barədə razılığa gəliblər.
Yaponiya hökumətinin, Tokio Oyunları üzrə təşkilat komitəsinin və paytaxtın hakimiyyət orqanlarının nümayəndələri həmin məsələni iyunun 19-da birlikdə müzakirə ediblər. Məsələ burasındadır ki, Oyunların keçiriləcəyi vaxt Tokioda havaların ən isti günlərinə təsadüf edir.
Olimpiya və Paralimpiya Oyunlarının təşkilinə cavabdeh nazir Tamayo Marukava bəyan edib ki, bununla əlaqədar idmançıları və tamaşaçıları mütləq məlumatlandırmaq lazımdır. Nazir vurğulayıb ki, əgər istilərlə əlaqədar uğurlu addımlar atılsa, bu, Tokio Olimpiadasından sonra uzunmüddətli irs kimi qalacaq.
Yığıncaq iştirakçıları qərara gəliblər ki, Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi obyektlərdə havanın temperaturu, rütubət və digər məlumatların toplanması istiqamətində iş davam etdirilsin.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio