DÜNYA
Yaponiya hökuməti ölkənin iqtisadi inkişafının məqsədlərini dəqiqləşdirib
Tokio, 10 iyun, AZƏRTAC
Yaponiya hökuməti ölkənin iqtisadiyyatının idarə edilməsi ilə bağlı özünün siyasətinin məqsədlərini dəqiqləşdirib. Gələn il üçün nəzərdə tutulan iqtisadi inkişaf layihəsi insan ehtiyatlarına yönələn investisiyaların tətbiqi prosesində məhsuldarlığın artırılmasını nəzərdə tutur.
Nazirlər Kabinetinin islahatlar layihəsində qeyd edilir ki, ölkədə əhalinin gəlirləri və məşğulluğun vəziyyəti yaxşılaşmaqdadır. Bununla yanaşı, bildirilir ki, iqtisadiyyat arzu edilməyən inkişaf potensialına məhkumdur və layihədə qeyd edildiyi kimi, orta sinfin “həyat qabiliyyətini aşağı salır”.
Sənəddə deyilir ki, hökumət ölkədə məktəbəqədər pulsuz təhsilin tətbiqi üçün yollar axtarışını davam etdirəcək və uşaq bağçalarına növbələrlə bağlı siyahının ləğvinə çalışacaq.
Hökumət, həmçinin universitetlərdə və texniki-peşə məktəblərində ödənişsiz təhsilin tətbiqi imkanlarını araşdırmağı da planlaşdırır.
Maliyyə sahəsində isə hökumət öz məqsədinə sadiq qalaraq, 2020-ci maliyyə ilinədək ilkin balansda müsbət saldoya nail olmağa çalışacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio