DÜNYA
Yaponiya hökuməti son təbii fəlakətlərin ölkə iqtisadiyyatına vurduğu zərəri açıqlayıb
Tokio, 2 sentyabr, AZƏRTAC
Yaponiyanın Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyi avqust ayında baş vermiş təbii fəlakətlər nəticəsində ölkə iqtisadiyyatına dəymiş zərəri müəyyənləşdirir.
Ötən ay bir tufan və üç tropik qasırğa Hokkaydo adasının şimalında və ölkənin şimal-şərq hissəsində məhsul yığımına hazırlaşan fermer təsərrüfatlarına ciddi ziyan vurub.
Kənd təsərrüfatı, meşə və balıqçılıq naziri Yuzi Yamomoto xüsusi işçi qrupun avqustun 1-də keçirilən iclasında fermerlərə və balıqçılara işi tezliklə bərpa etmək üçün mümkün olan bütün yardımları göstərmək barədə tapşırıq verib.
Nazirliyin rəsmi nümayəndələrinin bildirdiyinə görə, 7 nömrəli tropik qasırğa ölkəyə 30 milyon dollar məbləğində zərər vurub. Hesablamalara əsasən, 11 və 9 nömrəli qasırğaların birlikdə vurduğu ziyan təqribən 200 milyon dollara bərabərdir.
Hazırda mütəxəssislər avqustun sonlarında Hokkaydo adasına çatan 10 nömrəli qasırğanın vurduğu zərəri hesablayırlar. Onların bildirdiyinə görə, həmin qasırğa soğan və kartof kimi tərəvəz növlərinin əkildiyi böyük ərazilərə ciddi ziyan vurub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio