REGİONLAR
Yaponiya hökumətinin qrant yardımı ilə Qaxda daha bir layihə reallaşacaq VİDEO
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində tezliklə Qax rayonunda daha bir layihənin icrasına başlanılacaqdır. Layihə çərçivəsində rayonun Cəlayir kəndində tikiləcək yeni tibb məntəqəsi bu kəndin, eləcə də qonşu kəndlərin sakinlərinə göstərilən səhiyyə xidmətinin səviyyəsini daha da yaxşılaşdıracaqdır.
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Qax rayonundakı “El Resort” mehmanxanasının konfrans zalında “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşdırılacaq “Qax rayonunun Cəlayir kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.
Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi iştirak edib.
Mərasimdə Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Qax Rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın 2003-cü ildən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, ötən müddətdə qrant yardımı proqramı çərçivəsində rayonda təhsil, tibb və ekologiya sahələrini əhatə edən 5 layihə reallaşıb. Yeni imzalanacaq layihə sayca altıncıdır. Bu layihələrin ümumi dəyəri 560 min 963 ABŞ dolları təşkil edir. Əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.
Səfir Tsuquo Takahaşi ölkəmizdə diplomatik fəaliyyətə başladığı bir ilə yaxın müddətdə Azərbaycanın iyirmiyə yaxın şəhər və rayonunda olduğunu, gözəl təbiətə və geniş turizm potensialına malik Qax rayonuna artıq ikinci dəfədir səfər etdiyini bildirib. Vurğulanıb ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən bu layihələr təhsil, tibb, sosial müdafiə, ətraf mühit, ekologiya, infrastruktur və digər sahələri əhatə edir. Məqsəd insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqdır.
Proqram çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 15 milyon 924 ABŞ dolları olan 189 layihə üzrə qrant müqaviləsinin imzalandığı diqqətə çatdırılıb.
Sonra səfir Tsuquo Takahaşi və layihənin rəhbəri, Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzinin icraçı direktoru Yasin Dadaşov layihə üzrə qrant müqaviləsini imzalayıblar.
Yaponiya hökumətinin bu layihə üçün ayırdığı qrant yardımının ümumi məbləği 102 min 975 ABŞ dolları təşkil edir. Layihə üzrə işlərin bir neçə aya başa çatdırılması nəzərdə tutulur.