DÜNYA
Yaponiya ilə Koreyanın müdafiə nazirləri arasında qaynar xətt fəaliyyət göstərəcək
Tokio, 23 iyun, AZƏRTAC
Yaponiya və Koreya Respublikası cari ilin payızında Şimali Koreyanın nüvə və raket proqramlarını tənzimləmək məqsədilə əməkdaşlığı genişləndirmək üçün müdafiə nazirləri arasında qaynar xətt açacaq. Bu barədə “Nikkey” qəzeti hərbi dairələrdəki mənbələrə istinadla məlumat yayıb.
Qaynar xəttin fəaliyyətə başlayacağı dəqiq tarix barədə məlumat verilmir. Hazırda Yaponiya ilə Koreyanın yalnız nazir müavinləri arasında qaynar xətt mövcuddur.
Nəşrin bildirdiyinə görə, qaynar xəttin açılış tarixi Yaponiyanın Baş nazirinin Koreya Prezidenti ilə iyul ayında Almaniyada keçiriləcək “G20” Sammiti çərçivəsində görüşü zamanı dəqiqləşəcək. Hər iki ölkənin liderləri dəfələrlə Şimali Koreyanın təxribatçı hərəkətlərinə qarşı qarşılıqlı fəaliyyəti gücləndirməyin zəruriliyini qeyd ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio