DÜNYA


Yaponiya imperatorunun nəvəsi keçmiş tələbə yoldaşına ərə getməyə hazırlaşır

Bakı, 17 may, AZƏRTAC

Yaponiya şahzadəsi Akisinonun böyük qızı və imperator Akixitonun ilk nəvəsi şahzadə Mako Hitosubasi universitetinin aspiranturasında təhsil alan keçmiş tələbə yoldaşı Key Komuro ilə nişanlanmağa hazırlaşır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı imperator sarayının işlər idarəsi açıqlayıb.

“Münasib vaxtda nişan mərasimini rəsmən elan edəcəyik, bundan sonra lazımi hazırlıqlar başa çatacaq”, - deyə işlər idarəsinin başçısı Sinitiro Yamamoto mətbuat konfransında qeyd edib. Həmçinin o, bu barədə informasiyanın KİV-lərdə vaxtından əvvəl dərc olunmasını təəssüf hissi ilə qarşılayaraq, şahzadə qızın nişanlısının məhz Komuro olduğunu təsdiqləyib.

Nişan mərasiminin rəsmi olaraq iyun ayında elan edilməsi, toyun isə 2018-ci ildə keçirilməsi planlaşdırılır. Bundan sonra Mako imperator ailəsini tərk edərək adi vətəndaş olacaq.

İyirmi beş yaşlı Key Komuro və şahzadə qız Mako beş il bundan öncə Beynəlxalq Xristian Universitetində təhsil alarkən tanış olublar. Təxminən bir il sonra Komuro şahzadə qıza evlənməyi təklifi edib. Makonun valideynləri, şahzadələr Akisino və Kiko qızlarının planını razılıqla qarşılayıblar. Həmçinin imperator cütlüyü də gələcək toy barədə məlumatlandırılıb.

Yaponiyanın imperator ailəsində 2005-ci ildə də oxşar hal baş vermişdi. O vaxt imperator Akixito və imperatriçə Mitikonun yeganə qızı Sayako dövlət məmuruna ərə gedərək şahzadəlikdən çıxmış və təzminat

qismində 150 milyon yen (1,3 milyon dollar) almışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.