DÜNYA


Yaponiya iqtisadiyyatı 15 il davam edən deflyasiyadan çıxıb

A+ A

Tokio, 21 sentyabr, AZƏRTAC

Yaponiya iqtisadiyyatı artıq 15 ildir ki, davam edən deflyasiya vəziyyətindən çıxıb. Bu barədə sentyabrın 21-də Yaponiya Bankı rəsmi olaraq məlumat yayıb.

Ölkənin əsas maliyyə tənzimləyicisinin bununla bağlı bəyanatında deyilir: “Qiymətlərin ardıcıl şəkildə düşməsi baxımından deflyasiya başa çatıb”. Yaponiya Mərkəzi Bankının iki gün davam edən iclasından sonra səslənən bəyanat fonunda ABŞ dollarının məzənnəsi bir bənd artaraq öz mövqeyini möhkəmləndirib və 1 dollar üçün 102 yen həddində qərarlaşıb. Milli valyutanın məzənnəsinin zəifləməsi isə əsasən xarici bazarlara istiqamətlənən şirkətlər üçün sərfəlidir.

Bununla yanaşı, Mərkəzi Bank etiraf edib ki, nəzarət edilən inflyasiyanın illik həddinin 2 faizə çatdırılması barədə vəzifəni icra etmək mümkün olmayıb. Buna səbəb kimi göstərilən faktlar arasında neftin dünya bazarlarında qiymətinin aşağı olması da qeyd edilir. Yaponiyada 15 il davam edən deflyasiya sənaye istehsalının və investisiyaların, o cümlədən əhalinin gəlirlərinin azalmasına səbəb olub. Onunla mübarizə məqsədilə Yaponiya Bankı pul siyasətinin həddindən artıq yumşaldılması xəttini götürərək, dövlət səhmləri və digər qiymətli kağızların alınması hesabına ölkədə pul bazasının 80 trilyon yen (təqribən 752 milyard yen) həddinə çatmasına şərait yaradıb.

Yaponiya iqtisadiyyatının deflyasiyadan çıxarılması Baş nazir Şinzo Abenin “abenomika” adı almış iqtisadi siyasətinin əsas bəndlərindən biridir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.