DÜNYA
Yaponiya məhkəməsi vətəndaşların “Qenkay” AES-in işinin bərpasına qarşı iddialarını rədd edib
Tokio, 14 iyun, AZƏRTAC
Yaponiyada dairə məhkəməsi ölkənin cənub-qərbindəki “Qenkay” atom elektrik stansiyasının (AES) iki reaktorunun işinin bərpasına qarşı vətəndaşların qaldırdığı iddianı rədd edib.
NHK telekanalının yaydığı məlumata görə, Saqa prefekturasının 200-ə yaxın sakini “Qenkay” AES-in 3 və 4 nömrəli reaktorlarının fəaliyyətinin bərpasının dayandırılması ilə bağlı məhkəmə iddiası ilə çıxış ediblər. Onlar bildiriblər ki, ərazidə güclü zəlzələ olacağı təqdirdə atom stansiyasında qəza baş verə bilər.
Buna cavab olaraq AES-in operatoru “Kyushu electric power Co.” şirkəti bildirib ki, ən güclü zəlzələ olacağı təqdirdə belə reaktorlarda qəza baş verməyəcək.
Saqa dairə məhkəməsi bunun əsasında vətəndaşların iddiasını rədd edib.
Həmin iki reaktorun Yaponiya Nüvə Tənzimləməsi üzrə Komissiyanın yoxlamasından keçdiyi və prefektura qubernatorunun onların fəaliyyətinin bərpasına icazə verdiyi qeyd olunur.
Son yoxlamadan sonra yaxın bir neçə ay ərzində reaktorların işinin bərpa ediləcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio