İQTİSADİYYAT
Yaponiya mətbuatı Azərbaycan ilə bu ölkə arasında həyata keçiriləcək birdaşa uçuşlardan yazır
Tokio, 31 iyul, AZƏRTAC
Yaponiya ilə Azərbaycanın razılaşmasına əsasən, iki ölkə arasında həftədə 21 reysdən çox olmayaraq birbaşa müntəzəm aviareyslər həyata keçiriləcək. Bu barədə https://www.traicy.com portalı Yaponiyanın Təbii Ehtiyatlar, İnfrastruktur və Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb.
Məlumatda qeyd edilir ki, iyulun 25-26-da Bakıda Azərbaycan ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar aparılıb. İlk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan Respublikası ilə Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.
Görüşdə Azərbaycan və Yaponiya aviaşirkətlərinin nümayəndələri də iştirak ediblər.
Əlavə olaraq bildirilir ki, sərnişin reysləri Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Tokionun Narita və ya Haneda aeroportları arasında həyata keçiriləcək. Bundan əlavə, birbaşa reyslər həftədə 21 dəfədən çox olmamaq şərti ilə digər şəhərlər arasında da təşkil olunacaq.
Hazırda Yaponiya ilə Azərbaycan arasında müntəzəm reyslərin həyata keçirilmədiyi, yalnız Komatsu şəhəri ilə Bakı arasında “Silk Way West Airlines” şirkəti tərəfindən həftədə bir dəfə çarter yük reysinin reallaşdığı bildirilir. Qeyd edilir ki, son illər iki ölkə arasında turizm sahəsində əməkdaşlıq genişlənib və qarşılıqlı turist səfərlərinin sayı xeyli artıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio