DÜNYA
Yaponiya mübahisəli adalarda keçirilən təlimlərə görə Cənubi Koreyaya etirazını bildirib
Tokio, 15 iyun, AZƏRTAC
Yaponiya onun da iddialı olduğu mübahisəli Takeşima (Tokto) adalarında keçirilən təlimlərə görə Cənubi Koreyaya etirazını bildirib. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, etiraz notası iyunun 15-də Cənubi Koreyanın Tokiodakı səfirliyinə göndərilib.
Məsələni şərh edən Yaponiya XİN-in Asiya-Sakit okean departamentinin rəhbəri Kenci Kanaşuqi deyib: “Bu cür hərəkətlər həmin ərazilərə bizim ölkənin mövqeyinə qarşı olması baxımından yolverilməzdir”.
Takeşima adasında iyunun 15-də günün ikinci yarısı başlanacaq təlimlər iki gün davam edəcək və iyunun 16-da başa çatacaq. Cənubi koreyalı hərbiçilərin verdiyi məlumata görə, təlimlərdə hərbi-dəniz qüvvələrinin və sahil mühafizəsinin yeddi gəmisi və dörd təyyarə iştirak edir. Bundan əlavə, adalara desant çıxarılması təlimləri də keçiriləcək.
Tokionun bildirdiyinə görə, Cənubi Koreya 1905-ci ildə Yaponiya imperiyasının tərkibinə daxil olan Takeşima adalarını qeyri-qanuni olaraq işğal edib. Həm Cənubi Koreya hökuməti, həm də Şimali Koreya bu kiçik arxipelaqın tarixən həmişə Koreya dövlətinin tərkibinə daxil olduğunu bildirirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio