CƏMİYYƏT
Yaponiya nümayəndə heyəti Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
Bakı, 29 iyun, AZƏRTAC
Yaponiyanın Liberal Demokrat Partiyasının rəsmisi, sabiq dövlət naziri Masako Morinin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Milli Məclisin deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva görüşdə ölkəmizin bütün istiqamətlərdə Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin də Yaponiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini söyləyən Milli Məclisin deputatı əməkdaşlığın daha da genişlənməsinin vacibliyini qeyd edib.
Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər haqqında danışıb. O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından söz açaraq bildirib ki, bir milyon azərbaycanlı, yüz minlərlə azərbaycanlı qadın Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının hüquqlarının Ermənistan tərəfindən pozulmasına laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Deputat nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər təqdim edib.
Yaponiyanın da Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini deyən Liberal Demokrat Partiyasının rəsmisi, sabiq dövlət naziri Masako Mori iki ölkə arasında münasibətlərin getdikcə daha sürətlə inkişaf edəcəyinə əminliyini bildirib.