DÜNYA
Yaponiya öz ərazisində ABŞ-ın “Aegis” raketdənmüdafiə sistemini yerləşdirməyi planlaşdırır
Tokio, 27 iyun, AZƏRTAC
ABŞ silahlı qüvvələrinə məxsus “Aegis” raketdənmüdafiə sisteminin (RMS) Yaponiyada yerləşdirilməsi iki ölkənin müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə gələn ay keçiriləcək görüşün əsas mövzusu olacaq. Bu barədə “The Japan Times” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.
Hazırda Yaponiyanın hava hücumundan müdafiəsi atmosferdən kənarda raketləri vurmağa qadir olan SM-3 raketləri ilə təchiz edilmiş “Aegis” sistemlərinə malik gəmilərdən və atmosfer daxilindəki hədəfləri məhv edə bilən PAC-3 (“Patriot-3”) qurğularından ibarətdir. Lakin Şimali Koreyanın raket texnologiyalarının inkişafı ilə əlaqədar Yaponiya ABŞ-ın yeni raketdənmüdafiə qurğuları olan THAAD ilə təchiz edilən “Aegis” sistemlərinin yer kompleksini ölkə ərazisində yerləşdirməyi planlaşdırır.
Nəşrin hökumətdəki mənbələrə istinadla yaydığı məlumatda bildirilir ki, Tokio bu barədə rəsmi qərar qəbul etməsə də, Müdafiə Nazirliyinin 2018-ci maliyyə ili üçün büdcə təkliflərində həmin sistemlərlə əlaqədar xərclərin də nəzərdə tutulması planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio